Alpinistlərin axtarışı - <span style="color:#ff0000">Fərziyyələr, Şərhlər</span>
2018-01-09 12:59:00
Alpinistlərin axtarışı - Fərziyyələr, Şərhlər

Məlumdur ki, dekabrın 24-dən sonra Tufandağda itkin düşməsi xəbəri yayılan 3 azərbaycanlı alpinistlərin axtarışları davam edir. 

Bu məsələ son vaxtlar sosial şəbəkələrdə çox müzakirə olunur, ehtimallar və fərziyyələr irəli sürülür. Hərçənd ki, axtarış işləri ilə birbaşa məşğul olan Fövqəladə Hallar Nazirliyi rəsmi məlumatlardan istifadə etməyi tövsiyə edir. Hazırkı durumda təsdiqlənmiş informasiyadan yararlanmağın daha düzgün olduğu danılmazdır. Çünki hamı bilir ki, Space televiziyası kənd sakininə istinad edərək bir alpinistin tapılması faktını yayması və ardınca da təkzib verməsi ilə itən dağçıların qohumlarına güclü emosional təsir etmişdi. 

Hər bir halda isə sosial şəbəkə istifadəçiləri, xüsusən də mütəxəssislər 14 gündür itkin düşən gənclərin niyə tapılmamaları, başlarına nə iş gələ biləcəyi ilə əlaqədar fikirlərini bölüşürlər. 

Vasif İsmayıl adlı istifadəçi alpinistlərin ümumiyyətlə düşə biləcəyi çətin vəziyyətlərin siyahısını dərc edib. O, Namin Bunyatov, Babur Hüseynov və Fəridə Cəbrayılzadənin getdiyi marşrut, düşərgələrinin ola biləcəyi yerləri nəzərə alaraq onların gecə vaxtı qar uçqunu altında qaldıqlarını yazıb. 

Bəzi mənbələr onların bir neçə həftə sağqalma ehtimalları ilə bağlı mütəxəssis rəyləri də yayıblar. Ekspertlər hesab edirlər ki, ümumiyyətlə qışda zirvə fəth etmək xüsusi hazırlıq, avadanlıq, dəstək, təcrübə tələb edir. Bu səbəbdən də suallar meydana gəldi ki, itən alpinistlər üzvləri olduğu "Gilavar" klubundan hansı dəstək göstərilib, icazələri olubmu. Artıq prokurorluq da cinayət işi qaldırıb. Çox güman ki, bu məsələdə cəza tədbirləri də olacaq. Çünki söhbət insan həyatından gedir. 

Bu gün isə sosial şəbəkələrdə istifadəçilər bir məsələ ilə rastlaşdılar. Müxalif hesab edilən mənbələr alpinistlərin guya "İlham zirvəsi"nə qalxdıqları, Prezidentin ad gününə zirvədə olmalı olduqlarını yazdılar. Və hər kəs bunun yoxlanılmamış, siyasi çalarlı olduğunu qeyd etdi. Məlum oldu ki, "İlham zirvəsi" ümumiyyətlə Şahdağ silsiləsindədir. Eyni zamanda "Gilavar" klubunun rəhbəri Ziya Qasımov bu məlumatı təkzib edərək "İlham zirvəsi"nin tamam başqa marşrutda yerləşdiyini bildirdi.  

 

 

FHN bir neçə dəfə axtarış aparılan ərazidən videolar yaydı. Görüntülərdən də bəlli olur ki, qar örtüyü 3-4 metrdən artıqdır. Hətta bəzi yerlərdə 10 metrdən çoxdur. 

 

FHN axtarışlarda avstriyalı mütəxəssislərin köməyindən də istifadə ediləcəyini bildirib. 

Xeyli müddət keçməsinə baxmayaraq, istifadəçilər ümidlərini itirmək istəmirlər. Tezliklə gənclərin sağ-salamat tapılacağına hər kəs inanmağa çalışır. 

ELMedia

 




Video

Video yüklənir...

Bizi izləyin

Facebook