Alpinistlərin həlak olduğu yerlə bağlı - <span style="color:#ff0000">Müzakirələr</span>
2018-05-21 00:50:00
Alpinistlərin həlak olduğu yerlə bağlı - Müzakirələr

Məlum olduğu kimi, mayın 16-sı Fövqəladə Hallar Nazirliyi ötən il dekabrın 25-də Tufandağ istiqamətində itkin düşən Namin Bünyatov, Babur Hüseynov və Fəridə Cəbrayılzadənin cəsədlərinin tapıldığını açıqlayıb. 

Sosial şəbəkələrdə bununla bağlı çox rəylər yazılıb, fikirlər bildirilib. Alpinistlərin cəsədləri tapıldıqdan sonra axtarışlarda iştirak edən şəxslər yeni məlumatlarla bölüşüblər. Qeyd edək ki, cəsədlərin aşkarlandığı vaxt axtarış qrupunun rəhbəri Toğrul Mehdiyev bildirib ki, həmin günlərdə havanın istiləşməsi axtarışların intensivləşməsi üçün şərait yaradıb. "Qarın səviyyəsi azaldığından alpinistlərin olduğu yeri müəyyənləşdirmək üçün bəzi ipucuları ortaya çıxıb. “Əvvəl həmin ərazidə 10-12 metr hündürlükdə qar var idi. İsti havadan sonra qarın hündürlüyü 4 metrə qədər azalmışdı. Alpinistlərin yerini təxmini müəyyənləşdirdikdən sonra bütün qüvvəmizi səfərbər edib, həmin ərazidə axtarışları gücləndirdik. İki gün ərzində səhər saat 7-dən axşam 8-dək ərazidən çıxmamaq şərtilə iş apardıq. Mayın 16-da onların cəsədlərini aşkarladıq”, - deyə Toğrul Mehdiyev əlavə edib.

Dünən ilk vaxtlar axtarışlarda iştirak etmiş Rusif Bağırov alpinistlərin tapıldığı yerin fotolarını paylaşıb. O bildirib ki, cəsədlər 4 metrdən deyil, 1,2/1,3 metr dərinlikdən çıxarılıb. 

Onun bu iddiasına FHN-nin əməkdaşı, axtarış qrupunun rəhbəri Toğrul Mehdiyev də cavab yazıb. O qeyd edib ki, itkin alpinistlərin tapıldığı ərazidə əvvəl 12 metrədək qar olub, indi isə ümumilikdə ərazidə qarın dərinliyi 4 metrə qədər azalıb. 

Toğrul Mehdiyev şərhlərində ümumən axtarış aparılan ərazidəki qarın qalınlığının açıqlandığını bir daha izah edib. Əlbəttə, çoxları üçün axtarışın aparılma prosedurlarının nədən ibarət olduğu məlum deyil. Güman ki, T.Mehdiyev kvadratlara bölünmüş ərazinin qar dərinliyini nəzərdə tutulduğunu önə çəkib. 

Rusif Bağırov da əlavə edib ki, Toğrul Mehdiyevin rəhbərlik etdiyi xüsusi riskli qrup FHN-ni axtarışlarda layiqincə təmsil edib və FHN-ni heç kim alpinistlərin ölümündə günahlandıra bilməz. 

Axtarışlarda iştirak edən digər alpinist Babək Orabanlı isə qeyd edib ki, FHN-nin axtarış qrupu bu müddət ərzində hava şəraitinə uyğun olaraq mütəmadi şəkildə axtarışları davam etdirib. 

Şərhlərdə yer alan digər məsələ isə həlak olan alpinistlərin niyə o ərazidə, təhlükəli bir yerdə çadır qurmaları olub. Rusif Bağırov belə bir fərziyyə irəli sürüb ki, onlar tapıldıqları ərazidən daha yuxarıda düşərgə salıblar. Lakin qar uçqunu o qədər güclü olub ki, onları çadırla birlikdə 250 metr aşağı sürüyüb. 

O, alpinistlərin bu təhlükəli ərazidə çadır qurmalarının səhv olduğunu da əlavə edərək bunun səbəblərinin onların çovğuna düşdüklərini, yorğun olmaları ilə bağlı olduğunu ehtimal edib. 

Ümumilikdə dağçıların rəyi ondan ibarətdir ki, alpinistlərin orada düşərgə salması səhv addım olub. R.Bağırovun sözlərinə görə, o ərazidə heç yayda da düşərgə qurmaq olmaz, çünki tez-tez daş uçqunu olur. 

Qeyd edək ki, alpinistlərin itkin düşdüyü ilk vaxtlardan bir sıra fərziyyələr və gümanlar irəli sürülmüşdü. Onların bəziləri özünü doğrultmadı, bəzilərində isə həqiqət olduğu üzə çıxdı. Axtarışlar zamanı alpinistlərlə FHN-nin qrupu arasında anlaşılmazlıqlar da olmuşdu. Polkovnik Şahin Mirzəyev bəzi şəxslərin avadanlıqsız və hazırlıqsız axtarışlara qoşulmasının təhlükəli olduğunu demişdi. 

Fəridə Cəbrayılzadə Masallı rayonunun Şərəfə, Namin Bünyatov Şəmkir rayonunun Çinarlı, Babur Hüseynov isə Astaranın Giləkəran kəndində dəfn olunub. 

ELMedia




Video

Video yüklənir...

Bizi izləyin

Facebook