Nazirlik: Tələbələrin etirazı ilə bağlı sabah qərar veriləcək
2017-05-30 14:59:00
Nazirlik: Tələbələrin etirazı ilə bağlı sabah qərar veriləcək

Azərbaycan Dillər Universitetinin tələbələri dövlət imtahanlarının tətbiqinə etiraz ediblər. 

Tələbələr dövlət imtahanlarının yalnız 4 ay bundan əvvəl təyin olunduğunu öyrəndiklərini və 720 sual olduğunu bildiriblər. ADU-nun akt zalında rektorun gəlməsini tələb edən tələbələr Təhsil Nazirliyinin nümayəndəsi ilə görüşüblər və fikirlərini bildiriblər. Onların sözlərinə görə, 8 dövlət imtahanına hazırlaşmaq qeyri-mümkündür və belə bir nümunə heç bir universitetdə yoxdur. 

Etirazçılar qeyd edirlər ki, indiyədək dövlət imtahanları olmayan universitetdə birdən-birə belə imtahanların təyin olunması yolverilməzdir. Eyni zamanda onlar bu qədər imtahana hazırlaşmaq üçün vaxtlarının da olmadığını bildirirlər. 

Tələbələrlə görüşən təhsil nazirinin müavini isə deyib ki, imtahanların tətbiq edilməsində məqsədin daha hazırlıqlı məzunların buraxılışına nail olmaqdır. Eyni zamanda universitet rəsmiləri Nazirlər Kabinetinin müvafiq qərarına istinad edirlər. 

Rektor Əfqan Abdullayev APA-ya bildirib ki, bu vaxta kimi ali məktəbdə dövlət imtahanı olub, sadəcə 2016/2017-ci tədris ilindən forması dəyişib. Onun sözlərinə görə, bununla bağlı ötən ildən ali məktəbin şurası tərəfindən müvafiq qərar verilib. Rektor qeyd edib ki, tələbələr bu vaxta kimi ali məktəbi bitirəndə, yalnız 1,5 səhifə hesabat yazıblar: “Məsələn, mən universitetdə oxudum, filan müəllim dərs dedi, filan fənlərdə iştirak etmişik. Akademik olaraq ali məktəbdə imtahan forması kimi yekun buraxılış dövlət attestasiyası olmayıb. 3 aydır ki, burada rektor kimi fəaliyyət göstərirəm. 2016-cı ilin 20 iyul tarixində isə Azərbaycan Dillər Universitetinin Elmi şurasının 68 nömrəli qərarı olub ki, 2016/2017-ci tədris ilindən yekun dövlət buraxılış attestasiya forması yığışdırılaraq buraxılış işi və dövlət imtahan forması ilə əvəz olunsun”, - deyə o bildirib.

Təhsil nazirinin müavini Ceyhun Bayramov isə tələbələrin fikirlərini nəzərə alaraq sabah bununla bağlı qərar veriləcəyini deyib. 

Sosial şəbəkələrdə istifadəçilər bu məsələni birmənalı qarşılamayıblar. Tələbələrin haqlı oldğunu deyənlər də, onların oxumaq istəmədiklərini bildirənlər də var. 

ELMedia




Video

Video yüklənir...

Bizi izləyin

Facebook