Azərbaycanın yeni Baş naziri - <span style="color:#ff0000">Novruz Məmmədov</span>
2018-04-21 14:02:00
Azərbaycanın yeni Baş naziri - Novruz Məmmədov

Bu gün Milli Məclis Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədovun Azərbaycanın Baş naziri postuna namizədliyini təsdiq edib. 

 

Baş nazir vəzifəsini 4 noyabr 2003-cü ildən Artur Rasi-zadə icra edirdi. Bu gün səhər Prezident İlham Əliyev bu vəzifədən getməsi ilə əlaqədar onunla görüşüb və fəaliyyətinə görə təşəkkür edib

 

Nazirlər Kabinetinin rəhbəri vəzifəsinə təsdiq olunan Novruz Məmmədov parlamentdə çıxışında inkişaf yolunun davam etdiriləcəyini vurğulayıb

 

 

Qeyd edək ki, Novruz Məmmədov sosial şəbəkələrdən ən fəal istifadə edən məmur kimi tanınır. O, Administrasiyadakı vəzifəli şəxslər arasında Twitter səhifəsində açıqlamalarla çıxış edən yeganə yüksək çinli məmurdur. 

 

Parlamentin deputatı Zahid Oruc Facebook profilində yeni Baş nazirdən yazıb. O bildirib ki, Novruz Məmmədov uzun illər dövlət idarəçiliyində peşəkarlaşan bir insandır. "O, 90-cı illərin ağır siyasi sınaqları zamanı Ulu öndərin komandasının sədaqətli üzvlərindən biri olub və böhranlı anlarda sabit mövqe nümayiş etdirib. Beynəlxalq məsələlər onun kurasiyasında olduğundan və ölkə rəhbərini xarici səfərlərdə daim müşaiyət etdiyindən dövlət sirlərini bilir,qlobal mənafe savaşlarından baş çıxarır və Birinci şəxsin yürütdüyü siyasətin strateji hədəflərini bütün dünyagörüşünə hopdurmağı bacarıb", - deyə o qeyd edib. 

 

 

Tərcümeyi-hal

 

Novruz İsmayıl oğlu Məmmədov 15 mart 1947-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olub.

 

1964-cü ildə orta təhsilini başa vuran Novruz Məmmədov Azərbaycan Pedaqoji Dillər İnstitutunun "Avropa dilləri" fakültəsinin fransız dili şöbəsinə daxil olub, 1970-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirən Novruz Məmmədov 1967-1968-ci illərdə Əlcəzairdə, 1971-1973-cü illərdə Qvineyada, 1978-1981-ci illərdə isə yenidən Əlcəzairdə tərcüməçi və baş tərcüməçi işləyib.

 

1991-ci ildə dissertasiya işini müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsini alıb.

 

1992-1993-cü illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun hazırlıq, 1993-1997-ci illərdə isə fransız dili fakültələrinin dekanı işləyib.

 

12 aprel 1997-ci ildə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev tərəfindən Azərbaycan Respublikası Prezident Administrasiyasının Xarici Əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin edilən Novruz Məmmədov 1995-ci ildən 1997-ci ilə qədər Heydər Əliyevin fransız dili tərcüməçisi olub.

 

1997-ci ilin aprel ayında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri təyin edilib.

 

2002-ci ilin yanvarında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ona Fövqəladə və Səlahiyyətli Səfir rütbəsi verilib.

 

Novruz Məmmədov 1998-ci ildə Azərbaycan-Fransa dostluq münasibətlərinin möhkəmlənməsində xidmətlərinə görə, Fransa Prezidenti Jak Şirak tərəfindən Legion d’Honneur - "Fəxri Legion" ordeni ilə təltif edilib.

 

2005-ci ilin sentyabrından UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının üzvüdür.

 

2007-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilib.

 

2009-cu ildə Polşa Prezidenti Lex Kaçinskinin sərəncamı ilə Azərbaycan-Polşa münasibətlərinin inkişafı sahəsindəki xidmətlərinə görə Polşanın Fəxri Legion Ordeni ilə təltif olunub.

 

13 mart 2017-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Şərəf" ordeni ilə təltif edilib.

 

1 iyun 2017-ci il tarixindən Azərbaycan Respublikası Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiridir.

 

Azərbaycan Dillər Universitetinin fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiridir.

 

Azərbaycan, fransız, rus, ingilis və türk dillərini mükəmməl bilir.

 

Evlidir. Üç övladı və nəvələri var.

 

ElMedia

 




Video

Video yüklənir...

Bizi izləyin

Facebook