Prezidentin qurultaydakı çıxışından maraqlı məqamlar
2021-03-05 19:13:00
Prezidentin qurultaydakı çıxışından maraqlı məqamlar

Prezident İlham Əliyev sədri olduğu Yeni Azərbaycan Partiyasının növbədənkənar VII qurultayında çıxış edib. 

Çıxışdan bəzi fikirləri diqqətinizə çatdırırıq. 

► Prezident seçkilərindən sonra mən ərazi bütövlüyümüzün bərpasını qarşıya birinci dərəcəli vəzifə kimi qoymuşdum və biz buna nail olduq

► 2003-2020-ci illər, əgər indi tarixə bu prizmadan yanaşsaq, bir hazırlıq dövrü idi. Biz hazırlaşmalı idik və mən bunu gizlətmirdim. Mən deyirdim ki, sülh yolu ilə məsələ həll olunmasa, müharibə yolu ilə bunu həll edəcəyik

► Erməni rəsmi təbliğatı erməni xalqının beynini elə zəhərləyib ki, onların bəlkə bir çoxları hesab edirdilər onlar haqlıdır ki, bizim torpaqlarımızı zəbt edirlər. Mən demişdim, onları müalicə etdirmək lazımdır. Onlar xəstələniblər, koronavirusdan da betər bir virus hopub bunların canına.

► Mən demək olar ki, bütün çıxışlarımda, beynəlxalq müstəvidə bütün tədbirlərdə bu məsələni dilə gətirirdim, münaqişəni dilə gətirirdim. Bilirdim ki, gənc nəslin tərbiyə edilməsində bu amil həlledici olacaq

► İndi Ermənistan əməkdaşlıqdan boyun qaçırır. İndi Ermənistan Zəngəzur dəhlizinin icrasına əngəl törətmək istəyir. Amma nail ola bilməyəcək. Məcbur edəcəyik onları, məcbur edəcəyik

► Nə qədər çalışdılar bizi inandırsınlar ki, neft kəmərlərimiz Ermənistan ərazisindən keçsin. Mən buna rədd cavabı verəndə ondan sonra Bakı-Tbilisi-Ceyhan neft kəmərinin maliyyələşməsini bir il yubatdılar

► O vaxt biz kreditlərə möhtac idik. Aparıcı beynəlxalq maliyyə qurumları bir il kredit vermədilər ki, bizi məcbur etsinlər buna. Dedim ki, vermirlər, necə deyərlər, cəhənnəmə verməsinlər, özümüz vəsait taparıq

► Biz hər şeyi öz hesabımıza əldə etmişik. Ermənistan kimi heç vaxt gedib qapı-qapı gəzməmişik, özümüzü alçaltmamışıq, yalvarmamışıq, heç kimdən yardım istəməmişik

► Biz bu il təqribən 400-500 milyon dollarlıq ancaq xarici investisiyaları bərpa olunan enerji növlərinə gətirmişik. Artıq bir müqavilə bağlanıb, bir müqavilə də bu ay, ya gələn ay bağlanacaq. Onlar özləri bunu təklif etmişdilər. Yeddi aparıcı şirkət bu layihələr uğrunda mübarizə aparırdı. Onlardan ikisi bizə ən sərf edən təkliflər irəli sürdü. Onlar 440 meqavat gücündə günəş və külək elektrik stansiyalarını öz vəsaiti hesabına inşa edəcək

► Mən, ümumiyyətlə, hökumətə xarici kreditləri götürməyi qadağan etmişəm. Biz ancaq yüksək texnoloji layihələrə kredit götürməliyik ki, oraya texnologiyalar gətiririk. Yoxsa yol çəkirik, asfalt bizim, bitum bizim, çınqıl bizim, niyə biz xarici kredit götürməliyik?

► İndi Ermənistan təcrid edilmiş vəziyyətdədir, biz isə bütün qonşularla çox səmərəli dostluq, mehriban qonşuluq əsasında münasibətlər qurduq və bu da bir hazırlıq idi. Mən bunu açıq demək istəyirəm, əgər bu sahədə hazırlıq işləri aparılmasaydı, İkinci Qarabağ müharibəsində çətinliklər ola bilərdi

► Bu gün biz Avropa İttifaqı ilə bərabərhüquqlu saziş üzərində işləyirik və sazişin 90 faizi razılaşdırılıb

► Ümumi məsələlər Qarabağ məsələsidir. Ümumi məsələlər siyasi partiyaların fəaliyyətidir, demokratiyanın inkişafıdır, iqtisadi azadlıqların bərqərar olmasıdır, ölkəmizin güclənməsidir. Bu gün bu siyasi dialoq aparılır. Mən bunu çox təqdir edirəm

► Amma bizim bu dırnaqarası “demokratlar” indi niyə susurlar? İndi niyə demirlər ki, Paşinyan bizə nümunə olmalıdır. Gəlsin desin. Öz zibilini yalasın. Adam qalmayıb Ermənistanda ki, onu lağa qoymasın

► İqtisadi sahəyə gəldikdə, burada da yeni dövr artıq göz qabağındadır. Bu, şəffaflıq dövrüdür, dürüstlük dövrüdür, inhisarlara son dövrüdür

► Ali Baş Komandan bütün işlərə rəhbərlik edən şəxs kimi mən bilirəm ki, bizim zəif yerlərimiz də hardadır. Onları biz hətta müharibə dövründə o zəif yerləri düzəltdik. Müharibə dövründə önəmli qərarlar qəbul edilmişdir

► Biz yəqin ki, elə planlaşdırmalıyıq ki, bəlkə də əlli ildən sonra biz XXII əsrin müharibəsinə də hazır olmalıyıq. Çünki güc hər şeyi həll edir. Əfsuslar olsun ki, bu belədir. Beynəlxalq hüquq işləmədiyi yerdə ancaq güc amili həlledici ola bilər

Bu il üç minə yaxın şəhid ailəsi və müharibə əlili yeni mənzillər alacaq

 

 




Video

Video yüklənir...

Bizi izləyin

Facebook