Təkərlə baş qoparmı - <span style="color:#ff0000">Yanlış məlumat</span>
2019-09-12 18:27:00
Təkərlə baş qoparmı - Yanlış məlumat

Bu günlərdə Azərbaycan onlayn mediasında paylaşılan videoda motosiklçinin başına hardansa gələn təkər dəyir və onun başı guya bədənindən ayrılır. 

"Təkər baykerin başını qopardı" adlanan xəbərlərdə deyilir ki, hadisə Rusiyanın Tatarıstan Respublikasında baş verib. Video ilə yanaşı, 4 şəkil də paylaşılıb. Onların üçü ölən motosiklçiyə aid edilir, biri isə həlak olanın pasportu kimi qələmə verilib. 

Bu xəbərin heç də inandırıcı olmadığını görərək araşdırma apardıq. Məlum oldu ki, bir xəbərdə 3 ayrı-ayrı hadisənin məlumatları toplanıb. 

Beləliklə, birincisi: videonun özü 2015-ci il aprelin 12-də yayılıb (məlumat burada). Hadisə Braziliyanın paytaxtında baş verib. Hadisədə başına təkər dəyən motosikl sürücüsü həlak olub. Zərbə zamanı yerə düşən isə onun dəbilqəsidir. Diqqətlə baxdıqda başının yerində olduğu da görünür. Aydın olur ki, başın qopma məlumatının bu video ilə heç bir əlaqəsi yoxdur. 

İkincisi: Xəbərdə yerləşdirilən pasport şəklində başı bədənindən qopan şəxsin Rusiyanın Tatarıstan Respublikasının sakini Rişat Raifoviç olduğu deyilir. Araşdırdıqda məlum oldu ki, bu şəxs Rusiyada baş verən qəzada həlak olub. Minik avtomobili yük maşını ilə toqquşub və nəticədə bu sürücü həlak olub (Məlumat burada). Bununla bağlı məlumat bu il sentyabrın 5-də yayılıb. 

Üçüncüsü: Əsas məsələyə keçək - başı bədənindən qopmuş motosikl sürücüsü ilə bağlı məlumatlara. Araşdırma göstərdi ki, bununla bağlı məlumatlar bu il avqustun əvvəllərində portuqaldilli saytlarda yayılıb. Hadisənin Braziliyanın San-Paulu şəhərində baş verdiyi bildirilir (məlumat burada). Qeyd olunur ki, motosiklçi yolda hərəkət edərkən boğazına nazik, lakin möhkəm olan ip keçib. Burada bir məsələyə aydınlıq gətirmək yerinə düşər. Bu hadisəni araşdırarkən digər bir maraqlı məsələ ilə rastlaşdıq. Braziliya mətbuatının yazdığına görə, tez-tez motosiklçilər belə iplərə ilişir və boğazları kəsilir, zədələr alırlar (bu barədə məlumat). Bu ipə "Çili ipi" deyirlər. Çox möhkəm, nazik və gözəgörünmədiyi üçün çoxları bundan çərpələnk uçurtmaq üçün istifadə edir. İstifadə edərkən ip harasa dolaşdıqda isə onu kəsirlər və beləliklə ip də yollarda və ya başqa yerlərdən dartılaraq xüsusən də motosikl sürənlərə problemlər yaradır. Bu səbəbdəndir ki, hətta həmin iplərdən istifadəyə görə böyük məbləğdə cərimələr tətbiq edilir. Belə hallar çox olub. Fotolar və videonu təqdim edirik. 

Çoxları özlərini qorumaq üçün müxtəlif vasitələrdən istifadə edirlər. 

Telekanalın reportajında isə bu problem barədə ətraflı danışılır. İplə bağlı məsələnin ölüm hallarında gətirməsi barədə faktlar var (məlumat burada). 

Qayıdaq başı bədənindən qopmuş motosiklçiyə. Portuqaldilli saytlarda bildirilir ki, fotolar WhatsApp vasitəsilə yayılıb. Düzdür, bu informasiyanı rəsmi təsdiq edən məlumat tapmasaq da, həmin iplərin alüminiumdan olması yüksək sürət zamanı kəsici effekt verməsi ehtimalı yüksəkdir. Facebook-da yayılan videoda həmin ip motosiklçinin ayağını üzür. 

Beləliklə, Azərbaycan internet saytlarında yayılan məlumat yanlışdır: 

- xəbərdə yerləşdirilən videonun başı üzülərək həlak olan motosiklçiyə aidiyyatı yoxdur. 

- həlak olan şəxs Rusiya vətəndaşı deyil. 

- Pasportu göstərilən şəxs Rusiyada tamamilə başqa qəzada həlak olub

- Təkər motosiklçinin başını üzməyib.

- Videodakı hadisədə motosiklçinin başı yerindədir. O aldığı zədədən həlak olub. 

- Xəbərdə fotolardakı başı üzülən şəxs barədə heç bir məlumat verilməyib. 

 

ELMedia




Video

Video yüklənir...

Bizi izləyin

Facebook