Bakıdan 60 km şimalda SSRİ-nin ən məxfi obyekti - <span style="color:#ff0000">FOTO VİDEO</span>
2021-01-24 23:33:00
Bakıdan 60 km şimalda SSRİ-nin ən məxfi obyekti - FOTO VİDEO

SSRİ dövründə sovet respublikalarının hər yerində çox sayda məxfi hərbi obyektlər tikilirdi. 

Onların ərazisi xüsusi qorunurdu və yerləşdiyi məkan məxfi saxlanılırdı. Xüsusən də nüvə obyektləri ən qorunan yerlər idi. Belə məxfi yerlərdən biri də Bakıdan şimala doğru 60 km məsafədə Sitalçay kəndi ərazisində yerləşir. Tik-Tok-da yayılan videoda nəhayət ki bu obyekti yaxından görmək mümkün oldu.

Google Map-də bu obyekti yəqin ki, çoxları görüb. 

Gəlin əvvəlcə videodakı obyektlə xəritədəki obyektin eyni olub olmadığını müəyyən edək. 

Xəritədə göründüyü kimi obyekt iki hissədən ibarətdir. Videoda onun biri göstərilir. Həmin hissənin yarımçıq qalıqlarını və ora gedən yolu görmək mümkündür. Google Earth vasitəsilə bu hissənin videodakı hissə ilə eyni olduğunu təsdiq etmək mümkündür. 

Beləliklə, dəqiq demək olar ki, videodakı və xəritədəki obyektlər eynidir. İndi isə bu obyektin nə üçün inşa edildiyinə keçək.

Videoda bununla bağlı geniş məlumat yoxdur. Sadəcə şərhlərdən bilmək olur ki, obyekt yerin altına doğru bir neçə mərtəbədən ibarətdir. Amma onun məqsədləri barədə bilgi verilmir. 

Araşdırmamızın nəticəsi olaraq deyə bilərik ki, bu, nüvə partlayışından qorunmaq üçün yerin dərinliyinə doğru tikilmiş bunkerdir. Onun dərinliyi 13 mərtəbədir. Belə bunkerlərdən biri o vaxtkı sovet respublikası olan Moldovada var. "Komsomolskaya pravda" qəzeti həmin bunkerdən geniş reportaj etmişdi və oradakı fotolardan görmək olur ki, Azərbaycandakı bunkerlə eyni üslubda inşa edilib. 

Qəzetin araşdırmasında deyilir ki, SSRİ-də yalnız 3 belə bunker inşa edilib - Belarus, Moldova və Azərbaycanda. Moldovadakı bunkerin inşası 1984-cü ildə başlanıb. Ehtimal ki, eyni vaxtda Azərbaycanda da inşa işlərinə start verilib. Bununla əlaqədar Sitalçaya gedən yollar beton örtüklə örtülüb. Bu yol indi də qalır. Moldovadakı bunkerin ətrafında da qəsəbə yollarına beton çəkilib, yəni eyni yanaşma sezilir. 

Qeyd etdiyimiz kimi, bunker yerin dərinliyinə doğru 13 mərtəbədən ibarətdir. O, dəmir konstruksiyadan, ətrafı isə 1 metr qalınlığında beton divardan ibarətdir. Dəmir konstruksiya divardan aralıdır. Bunu Azərbaycandakı bunkerin videosunda da görmək mümkündür. Ümumilikdə bunker iki hissədən ibarətdir. Amma onların hər ikisi bir-biri ilə bağlıdır. Biri insanların qalması, digəri isə texniki təchizat üçündür. Bunkerdə eyni zamanda 1000 nəfər sığına bilər. Belə bunkerlər uzunmüddətli qalmaq üçün deyil, 24 saatlıq nəzərdə tutulurdu. Çünki təlimatlara görə, nüvə partlayışından 24 saat sonra havaya çıxmaq olardı. Moldovada bu bunkerin inşasına o vaxtkı pulla 32 milyon rubl xərclənmişdi. 

Sitalçaydakı bunker SSRİ dağıldıqdan sonra yarımçıq qalıb. Deyilənlərə görə, hazırda obyektin vəziyyəti yaxşı halda deyil. Hər bir halda SSRİ-nin məxfi texnologiyalar əsasında inşa etdiyi bu qeyri-adi tikilini çoxları yaxından görmək istərdi. Ümid edirik ki, turizm siyasətində bununla bağlı dəyişiklik olar və xaricdən məhz bura turlar təşkil etmək maraq yaradar. 

ElMedia  




Video

Video yüklənir...

Bizi izləyin

Facebook