Bir neçə gündür Azərbaycan Ordusunun Qarabağda Pirlər və Fərrux kəndləri ətrafındakı yüksəkliklərə nəzarəti bərpa etməsi barədə sosial şəbəkələrdə məlumatlar yayılır.
Martın 26-da Müdafiə Nazirliyi məlumatında yerdəyişmələr və möhkəmlənmə işləri barədə yazaraq bu məlumatları qismən təsdiq etmişdi. Bu gün isə nazirlik Rusiya Müdafiə Nazirliyinin açıqlamasına cavab olaraq həmin yüksəkliklərdən geri çəkilmənin olmadığını bildirib. "Azərbaycan Ordusunun ölkəmizin suveren ərazilərinin tərkib hissəsi olan Fərrux kəndi və ətraf yüksəkliklərdəki mövqelərində heç bir dəyişiklik baş verməyib. Azərbaycan Ordusunun bölmələrinin həmin mövqelərdən geri çəkilməsi haqqında məlumat həqiqəti əks etdirmir. Ordumuz əməliyyat şəraitinə tam nəzarət edir", - deyə bildirilir.
Bununla nazirlik nəhayət ki həmin yüksəkliklərin Azərbaycanda olduğunu təsdiq etmiş oldu.
Sosial şəbəkələrdə həmin yüksəkliklərin birindən Fərrux kəndi kimi təqdim edilən şəkil də yayılıb.
Lakin araşdırmamız nəticəsində məlum olub ki, həmin şəkildə Pirlər kəndi əks olunub.
Fərrux kəndi isə Pirlər kəndinə və yüksəkliyin əks istiqamətində yerləşir.
Pirlər kəndinin fotosunun çəkildiyi yüksəklik aşağıdakı xəritədə əks olunub.
Ümumən bu yüksəkliklər hazırkı məqamda Ağdamın təhlükəsizliyini təmin etmək, sonrakı mərhələdə isə Əsgəran, Xocalı və Xankəndi istiqamətlərini tam nəzarətdə saxlamaq imkanı verir. Pirlər və Fərrux kəndləri ətrafındakı yüksəksliklərdən Ağdam şəhəri ovucun içindəki kimi görünür. Nəzərə alsaq ki, Azərbaycan Ağdamda böyük quruculuq işləri aparır və yaxın gələcəkdə ora insanların qayıtması gözlənilir, bu strateji yüksəkliklərə qanunsuz erməni silahlıları və ya Rusiya sülhməramlılarının nəzarət etməsi qəti məqbul sayılmırdı. Buradan istənilən vaxt şəhəri gərginlikdə saxlamaq, şantaj və təxribat əməlləri törətmək mümkün idi. Buna görə də dövlət bu yüksəklikləri öz nəzarətinə qaytardı və Ağdamın uzunmüddətli təhlükəsizliyini təmin etdi.
ElMedia