Şamtutan sözünün hansı mənaları var - <span style="color:#ff0000">FactCheck</span>
2021-02-19 17:48:00
Şamtutan sözünün hansı mənaları var - FactCheck

Bu gün sosial şəbəkələrdə "şamtutan", "şam tutmaq" ifadələri xeyli müzakirə yaradıb. 

Səbəb isə Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin direktoru Nərmin Qaralovanın tələbəyə xitabən "mənə şamtutan lazım deyil" deməsidir. Onlayn keçən imtahan zamanı direktor tələbələri yayımı tərk etməsini istəyib. Bunun videosu isə sonra sosial şəbəkələrdə paylaşılıb.

Direktor sonra açıqlama verərək bu sözün geniş yayılmış mənasından xəbərsiz olduğunu söyləyib. "Mən o ifadəni tamam başqa mənada bilirəm. Axı, həmin sözün başqa mənası da var. Ona görə də o ifadədən təhqir kimi istifadə etməmişəm. Qədim Yunanıstanda filosofolar, pedoqoqlar tələbələrə dərs keçən zaman məkanın işıqlandırılması üçün orada tələbələrdən biri şam yandırıb tuturmuş. Bu, elektrik enerjisinin olmadığı bir zamanda qədim Yunanıstanda bir ənənə olub. Bu prosesdə dərs keçirilən məkanın işıqlandırılması üçün əlində şam tutan tələbənin ən əsas etibarlı olması vacib olub. Mən də o ifadədən bu mənada istifadə etmişəm", - deyə o bildirib. 

Maraqlıdır, qədim Yunanıstanda belə bir praktika olubmu? İlk əvvəl istifadəçilərin şərhlərini təqdim edək, sonra bununla bağlı geniş yayılan mənaları diqqətinizə çatdıracayıq. 

İstifadəçilər direktorun bu əsaslandırmasına heç də birmənalı yanaşmırlar. Çoxları belə bir fərziyyəni əsassız sayırlar. 




Eyni zamanda direktorun bu əsaslandırmasının real ola biləcəyini də deyənlər var. 


"Şamtutan" sözü, demək olar, bir çox dillərdə mövcuddur. "Şam tutmaq" kimi xalq arasında bilinən funksiyanın daşıyıcısı deməkdir. Rus dilində "derjat sveçku", ingilis dilində "hold the candle", fransız dilində "tenir la chandelle" formasında işlənir. 

Rus dilində bu sözün mənası Azərbaycanda geniş yayılan məna ilə eynidir. Rəvayətə görə, elektrik işığının olmadığı vaxtlarda yeni ailə quranların ilk gecəsində bir nəfər şahidlik etmək üçün işıqlı olması üçün şam tutarmış. Bu şəxs ailəyə yaxın adam hesab olunurdu. Adətən isə belə adamlar xidmətçilərdən ibarət olurdu. Rus dilində mənası "şahidlik etmək", "yanında olmaq"dır. 

Fransız dilində "şam tutmaq" ifadəsinin mənası "üçüncü şəxs artıqdır" anlamındadır. Burada da etimologiya yeni evlənənlərlə bağlıdır. Eyni zamanda belə bir funksiyanı bordellərdə daşıyan şəxslər də olub. Digər bir versiyaya görə isə varlı insanlar gecə yatmağa gedərkən xidmətçi onlar yuxuya gedənədək şam yandırıb dayanarmış. Şamı öz başına yanmaqdan qorxarmışlar ki, gecə yanğın ola bilər. 

İngilis dilində isə bu ifadə "layiq olmamaq" mənasındadır. Yəni "o, hətta şam tutmağa belə layiq deyil". Bu mənanın etimologiyası bir vaxtlar yeni sənət öyrənənlərin ustaların işini rahat etmək üçün yanında dayanıb onun işini şamla işıqlandırması ilə bağlıdır.

 Qeyd edək ki, direktorun şamı qədim yunanlarla bağlaması bir qədər qeyri-dəqiqdir. Çünki yunanlar qədimdə şamdan yox, yağ ləmpələrindən istifadə ediblər. Ona görə şam tutmaq ifadəsinin etimologiyası onların dili ilə izah edilmir. Bu ifadə yunan dilində digər dillərdən keçib.

Beləliklə, hazırkı dövrdə "şam tutmaq", "şamtutan" ifadələri ilkin mənasından uzaqlaşaraq "kənar şəxs", "şahidlik", "layiq olmamaq" kimi mənalara malik frazeoloji birləşmələrə çevrilib. Azərbaycan dilində bu ifadə də yeni ailə quranlarla bağl olaraq hazırda "artıq adam", "şahidlik etmək ya etməmək" mənalarını verir. Ona görə də işlənərkən bu ifadə ilkin mənası ilə assosiasiya olunur və neqativ çalar yaradır. Bu ifadə ədəbi deyil, daha çox danışıq dilinin ifadəsidir. 

Direktorun dediyi versiyada həmin məna olsa da bunun qədim yunanlarla heç bir əlaqəsi yoxdur.

ElMedia   

 




Video

Video yüklənir...

Bizi izləyin

Facebook